Latviya nümayəndə heyəti DOST mərkəzində olub
Bakı, 6 oktyabr, AZƏRTAC
Latviya Respublikasından gələn nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, səfər Azərbaycan Dövlət Məşğulluq Agentliyi və Latviya Respublikasının Rifah Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi arasında imzalanmış “Fəaliyyət Planı” çərçivəsində həyata keçirilib. Tədbirdə Latviya Dövlət Məşğulluq Agentliyinin direktor müavinləri Kristine Stasane və Ervins Abele və Məşğulluq departamentinin direktoru Pavels Belisovs iştirak ediblər.
Latviyalı qonaqlar DOST Agentliyinin rəhbər heyəti ilə görüşüblər. Onlara DOST konsepsiyası barədə təqdimat keçirilib və bildirilib ki, DOST mərkəzlərində ötən dövrdə 1,8 milyona yaxın vətəndaşa xidmət göstərilib. DOST konsepsiyasının beynəlxalq uğurları barədə ətraflı məlumat verilib.
Latviya nümayəndə heyəti ikitərəfli əlaqələrin inkişafından məmnunluqlarını ifadə edib, sosial sahədə islahatlar prosesində əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə tərəflər arasında sosial sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.