İQTİSADİYYAT
Latviya poçt-maliyyə xidmətlərinin tətbiqi sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
Bakı, 26 aprel (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Latviyanın Rabitə və Nəqliyyat Nazirliyinin dövlət katibinin müavini Uldis Reymanis və Latviya poçtunun idarə heyətinin sədri Maris Kleynberqs ilə görüş keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Latviya ilə Azərbaycan arasında poçt sahəsində əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov qonaqlara ölkədə həyata keçirilən prioritet layihələr, o cümlədən Azərbaycanın ilk telekommunikasiya peyki, rəqəmli televiziya yayımına keçid, Yüksək Texnologiyalar Parkının yaradılması, genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Uldis Reymands Azərbaycanda həyata keçirilən innovativ layihələrdə iştirak etməkdə maraqlı olduğunu, o cümlədən genişzolaqlı internetin inkişafı sahəsində təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirmişdir.
Tərəflər eyni zamanda poçt sahəsində əməkdaşlığı genişləndirmək niyyətlərini bildirmişlər.