LATVİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ
Xəbər verdiyimiz kimi, oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Universitetinə gəlmişdir.
Burada dövlətimizin başçısını və xanımını universitetin rektoru professor İvars Latsis böyük hörmətlə qarşıladı.
Sonra universitetin professor-müəllim heyəti ilə görüş keçirildi.
Universitetin rektoru İVARS LATSİS görüşü açaraq dedi:
- Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti!
Hörmətli xanımlar və cənablar!
Mən Sizi Latviya Universitetində böyük məmnunluq və şərəf hissi ilə salamlayıram. Bugünkü ali qonağımızın tərcümeyi-halından çox qısa hissəni iştirakçıların diqqətinə çatdırmaqdan şərəf duyuram.
1961-ci ildə Bakı şəhərində dünyaya göz açmış hörmətli qonağımız orada orta məktəbdə təhsil almışdır. 1977-ci ildə, o, sovet vaxtlarında məşhur olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Həmin institutu bitirdikdən sonra dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun elmi işinin mövzusu böyük və kiçik dövlətlər arasındakı münasibətlərə aid olmuşdur.
Sonrakı dövrlərdə hörmətli qonağımız bir neçə il özəl sektorda işləmiş və daha sonra isə, hökumət işinə qatılmışdır. O, on il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işləmişdir. Eyni zamanda, o, bir neçə il ərzində parlamentin deputatı olmuş və ölkəsinin Avropa Şurasındakı parlament nümayəndə heyətinin rəhbəri kimi çalışmışdır. İndi isə, o, artıq Azərbaycan Respublikasının Prezidentidir.
Onu da sizə deyim ki, indi çox nadir hallarda beş dildə sərbəst danışan insana rast gələ bilərsiniz. Onun ana dili Azərbaycan dilidir və əgər səhv etmirəmsə, hazırda həmin dildə dünyanın müxtəlif guşələrində yaşayan 50 milyona yaxın azərbaycanlı danışır. Onların yalnız kiçik bir hissəsi Azərbaycanda yaşayır.
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
İndi isə, mən böyük məmnuniyyətlə sözü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vermək istəyirəm. Buyurun, cənab Prezident.