MƏDƏNİYYƏT
Latviyanın Valmiera şəhərində kitab turu keçirilib
Riqa, 29 iyul, AZƏRTAC
Latviyanın Valmiera şəhərində keçirilən şəhər festivalı çərçivəsində 9 Avropa ölkəsindən gələn könüllülərin təşkilatçılığı ilə kitab turu baş tutub.
AZƏRTAC xəbər verir ki, "Kitabla tanış ol" adlı turda 12 Avropa ölkəsi, o cümlədən Azərbaycandan gələn gənclər yeni kitabların alınması və pulsuz paylanması üçün maliyyə vəsaitlərinin cəlb olunması istiqamətində müxtəlif tədbirlər keçiriblər.
Bu tədbir artıq ikinci dəfədir ki, baş tutur. Əldə olunan kitablar üzəri adları oxunmasın deyə üzlənib və hərəsinin məzmunu barədə sadəcə bir sitat yazılıb. İnsanlar onlara pulsuz təqdim olunan kitabı yalnız həmin sitata uyğun seçiblər. Həmçinin tədbirin keçirildiyi yerdə qoyulmuş səbətlərə əhali oxuduğu kitabları qoyub.
Müxtəlif ölkələrdən gəlmiş könüllülər tədbir çərçivəsində həm də öz mədəniyyətlərini təbliğ ediblər.
Sözügedən layihə Avropa Həmrəylik Korpusu tərəfindən dəstəklənir və Avropanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa