SİYASƏT
LEFKOŞADA TÜRKDİLLİ XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİNİN İŞGÜZAR TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Şimali Kiprin Lefkoşa şəhərində Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) işgüzar toplantısı keçirilmişdir.
Toplantı iştirakçıları əvvəlcə Şimali Kipr Agentliyi - TAK ilə tanış olmuşlar.
Sonra TKA-nın işgüzar toplantısı açılmışdır. Qonaqları salamlayan TAK-ın baş direktoru Əmir Ərsoy dəvəti qəbul edib Şimali Kiprə gəldikləri üçün bütün iştirakçılara təşəkkürünü bildirmişdir.
Anadolu Ajansının baş direktoru Hilmi Bengi, AZƏRTAC-ın, Qırğızıstanın Kabar, Krımın QX agentliklərinin nümayəndələri çıxışlarında TKA-nın türkdilli xalqlar, ölkələr və agentliklər arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi qeyd etmişlər. TKA-nın bütün üzvlərinin birgə istifadə edə biləcəyi və öz xəbərlərini türk, ingilis, rus dillərində yerləşdirəcəyi veb-saytın istifadəyə verilməsi toplantı iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Toplantının sonunda Lefkoşa bəyannaməsi imzalanmışdır. Sənəddə üzv agentliklərin əlaqələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulanır. Qeyd edilir ki, TKA-nın Baş Məclisinin 8-ci iclasına 2009-cu ildə hansı agentliyin ev sahibliyi edəcəyi hazırda birliyə sədrlik edən AZƏRTAC-la danışıqlardan sonra müəyyənləşdiriləcəkdir.
Elə həmin gün toplantı iştirakçıları Şimali Kiprin lideri Mehmet Əli Tələt və baş nazir Ferdi Sabit Soyer tərəfindən qəbul edilmişlər.
######