REGİONLAR
Lənkəran Dövlət Universitetində keçirilən məzun yarmarkasında 140 boş iş yeri təklif olunub
Lənkəran, 28 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) “Məzun-2017” proqramı çərçivəsində ilk dəfə keçirilən “Açıq qapı günü” və məzun yarmarkasında tələbələrə140 boş iş yeri təklif olunub.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti və LDU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaqdır.
“Açıq qapı günü”ndə rayon rəsmiləri, LDU-nun bu ilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov onlara bu elm ocağı barədə ətraflı məlumat verib, tədrisin maddi-texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son bir ildə görülən işlərdən danışıb.
Əmək yarmarkasının keçirilməsinin tələbə-məzunların işlə təmin edilməsində mühüm rol oynadığını qeyd edən N.İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 500-ə qədər məzuna iş probleminin həllində dəstək olduğunu, işçi ilə işəgötürən arasında körpü rolunu oynadığını bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev, sosial iqtisadi məsələlər üzrə müavini Xalid Rəhimov, rayon məşğulluq mərkəzinin direktoru Rahib Quliyev, mebel emalı və satışı üzrə ticarət mərkəzinin direktoru Elnur Əliyev, Bakı Biznes tədris mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri Firdovsi Axundov, “Gilan Holdinq”in insan resursları şöbəsinin rəhbəri Coşqun İmanquliyev və başqaları çıxışlarında tədbirin böyük əhəmiyyətindən bəhs edərək təklif və rəylərini bildiriblər.
Əmək yarmarkasına cənub bölgəsində fəaliyyət göstərən 27 dövlət və özəl müəssisədən 140 boş (vakant ) iş yeri çıxarılıb. Təklif olunan boş yerlərə LDU-nun builki məzunlardan 270 nəfər iştirak ərizəsini təqdim edib.
Tədbir iştirakçıları tələbə-məzunlar üçün əmək yarmarkasının təşkilinə, yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumat yaratdıqlarına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.