İQTİSADİYYAT
Lənkəran rayonunun Velədi kəndinə təbii qaz verilmişdir
Lənkəran, 10 aprel (AZƏRTAC). Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq aprelin 10-da Lənkəran rayonunun daha bir yaşayış məntəqəsinə - Velədi kəndinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə kəndin ərazisinə 95 min 465 poqonmetr polietilen boru xətti çəkilmiş, 379 abonent üçün 379 tənzimləyici şkaf və qaz sayğacı quraşdırılmışdır.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər sakinləri əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş üçüncü Dövlət Proqramı çərçivəsində rayonda yeni layihələr həyata keçiriləcəkdir.
Bildirilmişdir ki, hazırda Lənkəran rayonunda su-kanalizasiya, iri yol layihələri uğurla həyata keçirilir, yeni məktəblərin və uşaq bağçalarının tikintisi sürətlə davam etdirilir, şəhərin park və xiyabanlarında, küçə və prospektlərdə tikinti, quruculuq və abadlıq işləri geniş vüsət alır.
Diqqətə çatdırılmışdır ki, bu günədək rayonun yaşayış məntəqələrinin 75 faizi qazlaşdırılmışdır.
Kənd sakinləri sosial vəziyyətlərinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.