CƏMİYYƏT
Lənkəran şəhər mərkəzi stadionunda ictimai asayişin pozulması ilə əlaqədar cinayət işi başlanmışdır
Bakı, 26 avqust (AZƏRTAC). Avqustun 25-də saat 20.22 radələrində Lənkəran şəhər mərkəzi stadionunda “Xəzər-Lənkəran” və “Neftçi” futbol klubları arasında oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atmış, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırmış, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq etmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq şöbəyə gətirilmişdir. Onlardan 4-nün sərxoş halda olmaları müəyyən edilmişdir.
İctimai asayişi qorumağa cəlb edilmiş daxili işlər orqanlarının əməkdaşlarından 6 nəfəri xəsarət almışdır.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanmışdır.