REGİONLAR
Lənkəranda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilmişdir
Lənkəran, 6 iyun (AZƏRTAC). Lənkəran şəhərində “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının icra hakimiyyətləri aparatlarının məsul işçiləri, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, fermerlər, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirədə bu il taxıl yığımı dövründə və eləcə də meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı qarşıda duran məsələlər müzakirə edilmişdir.
Tədbirdə çıxış edən FHN-in mütəxəssisləri yay mövsümünə hazırlıq, taxıl və ot biçini zamanı, eləcə də meşələrdə yanğın hadisələrinin baş vermə səbəbləri, dəyən ziyan, hadisənin qarşısının alınması yolları, qabaqlayıcı tədbirlərin görülmə üsulları, mövcud imkanlar, yaranan çətinliklər, texnikaların saz vəziyyətdə saxlanılmasının vacibliyi barədə ətraflı məlumat vermişlər.
Qeyd olunmuşdur ki, dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb etdiyinə görə ölkəmizdə bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, son vaxtlar bu istiqamətdə, xüsusən də taxıl tədarükünün artırılması, əhalinin ərzaqla etibarlı təminatı ilə bağlı mühüm qərarlar qəbul edilmişdir.
Bildirilmişdir ki, kənd təsərrüfatı məhsullarının alovdan qorunması təkcə hüquq mühafizə orqanlarının deyil, həm də aqrar sahədə çalışanların, təsərrüfat başçılarının, mexanik və sürücülərin, bu sahədə fəaliyyət göstərən bütün şəxslərin ümdə vəzifəsidir.
Bu məqsədlə də taxıl yığımı və ot biçini dövrü başlanan vaxtdan təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparılmalıdır.
Məhsul yığımında və daşınmasında istifadə olunan texnikalar işə əvvəlcədən yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.
Regional tədbirin sonunda FHN-in fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş olunmuşdur.