İQTİSADİYYAT
Lənkəranda ilin doqquz ayının yekunları müzakirə olunmuşdur
Lənkəran, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də Lənkəran Şəhər İcra Hakimiyyətində cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkəmizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə olunmuşdur. Tədbiri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov açmış, son vaxtlar şəhərdə görülən işlər barədə geniş və ətraflı məlumat vermişdir.
Məruzə ilə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rüstəm Qurbanov ilin ötən dövründə Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurları diqqətə çatdırmış, rayonda görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, 9 ayda vergi və tədiyyələrdən 8 milyon 485,3 min manat vəsait daxil olmuş və mərkəzləşdirilmiş xərclərdən şəhər büdcəsinə 13,3 milyon manat dotasiya alınmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yerli gəlir 10,4 faiz, büdcə xərcləri 12,3 faiz artmışdır.
Tikinti-quraşdırma işlərinə 33 milyon manat məbləğində investisiya yatırılmışdır. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 42,1 min kvadratmetr olan yeni evlər istifadəyə verilmiş, fərdi mənzil tikintisi 5,4 faiz artmışdır.
Tədbirdə çıxış edənlər rəhbərlik etdikləri sahələr üzrə doqquz ayda görülmüş işlər barədə məlumat vermişlər. Çıxışlarda nailiyyətlərlə yanaşı, mövcud problemlər də diqqətə çatdırılmış, onların həlli yolları müzakirə edilmişdir.