CƏMİYYƏT
Lənkəranda “İnsan alverinə və zorakılığa yox deyək!” mövzusunda mədəni-kütləvi aksiya keçirilmişdir
Lənkəran, 14 mart (AZƏRTAC). Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “İnsan alverinə və zorakılığa yox deyək!” mövzusunda mədəni-kütləvi aksiya keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər çağdaş dünyamızın ən ciddi və ağrılı problemlərindən biri də insan alveri və zorakılığın acı fəsadlarından söhbət açmışlar.
Bildirilmişdir ki, bugünkü tədbirin əsas məqsədi gəncləri insan alverinə və zorakılığa yox deməyə səsləməkdir. Xilas yolu hər bir kəsin sağlam həyat tərzində, sağlam əxlaqında, sağlam ruhundadır.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev və Daxili İşlər Nazirliyinin əməkdaşı Fuad Əliyev mövzu ilə bağlı çıxış edərək bildirmişlər ki, ömrünün ən qaynar, ən coşqun dövrünü yaşayan müasir gənclik - sabahın qurucuları pis insanların toruna düşməməli, mübariz, təhsilli, vətənpərvər olmalıdırlar. Müasir gəncliyin müqəddəs amalı - Vətən sevgisini yaşatmaq, Vətən naminə, onun gələcəyi naminə ruhən və fiziki cəhətdən sağlam həyat, sağlam düşüncə tərzi seçməkdir.
Aksiyada müzakirə edilən mövzu ilə bağlı hazırlanmış bukletlər iştirakçılara paylanılmışdır.
Tədbir konsert proqramı ilə davam etmişdir. Bakı şəhərindən dəvət olunmuş gənc müğənnilər mərasimdə rəngarəng musiqi nömrələri ilə çıxış etmişlər.