REGİONLAR
Lənkəranda “İnsan və ətraf mühit münasibətləri” mövzusunda Respublika elmi konfransı işə başlayıb
Lənkəran, 16 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 16-da Lənkəran Dövlət Universitetində (LDU) akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş Respublika elmi konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Lənkəran Dövlət Universiteti və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda “İnsan və ətraf mühit münasibətləri” mövzusunda müzakirələr aparılır.
Konfransın ilk günündə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov Azərbaycanda ekologiya elminin inkişafında, ekoloji mühitin tarazlaşdırılmasında və qorunmasında, bu sahədə elmi kadrların hazırlanmasında akademik Həsən Əliyevin fəaliyyətini yüksək dəyərləndirib.
Elmi konfransda Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun, institutun əməkdaşları Məhərrəm Həsənov və Mətləb Rəhimovun, coğrafiya üzrə fəlsəfə doktorları Zakir Eminov və Solmaz Rzayevanın, Azərbaycan Coğrafiya Cəmiyyəti Lənkəran filialının sədri, coğrafiya elmləri namizədi Ziyafət Ağayevin, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun, LDU-nun aqrar və mühəndislik fakültəsinin dekanı, kənd təsərrüfatı elmləri namizədi Balayar Şahbazovun və digərlərinin məruzələri dinlənilib.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirib.