REGİONLAR
Lənkəranda toxumluq taxılın yararlılıq keyfiyyəti yoxlanılıb
Lənkəran, 11 iyun, Bağır Əliyev, AZƏRTAC
Elmi-Tədqiqat Əkinçilik İnstitutunun mütəxəssisləri tərəfindən Lənkəran Regional Aqrar Elm Mərkəzinin toxumluq taxıl sahələrində toxumluq taxılın yararlılıq keyfiyyəti yoxlanılıb.
AZƏRTAC xəbər verir ki, yoxlamada məqsəd elit reproduksiyalı toxumluq əkinin təmizliyi, birtipliliyi, onun bioloji-morfoloji əlamətləri və məhsuldarlıq keyfiyyətlərinə nəzarət etməkdir. Eyni zamanda, taxılın xəstəliyə yoluxma, zərərvericilər tərəfindən zədələnmə və alaqlarla qarışma dərəcəsi də müəyyən olunacaq.
Bu cür yoxlamalar hər il taxılçılıqla məşğul olan fermerləri elit və yüksək reproduksiyalı toxumla təmin etmək məqsədilə həyata keçirilir.
Elmi Tədqiqat Əkinçilik İnstitutunun aparıcı elmi işçisi Tofiq Allahverdiyev götürülən nümunələr haqda məlumat verərək bildirib ki, əkilmiş taxıl sahələri elit toxum üçün tələb olunan səviyyəyə cavab verir. Götürülən nümunələr əsasında ətraflı təhlillər aparılacaq.