REGİONLAR
Lənkəranda yaşayan aztəminatlı ailələrin övladlarının təhsil xərcləri qarşılanacaq
Lənkəran, 12 may, İ.Cəfərli, AZƏRTAC
ADA Universiteti, PAŞA Bank və ADA Universiteti Fondunun təşəbbüsü ilə təşkil olunan pilot layihə çərçivəsində Lənkəranda yaşayan aztəminatlı ailələrin övladlarının təhsil xərcləri qarşılanacaq.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə mayın 12-də Lənkəran Mədəniyyət Mərkəzində həmin ailələr və onların övladları ilə görüş keçirilib. Görüşdə ADA Universiteti barədə ətraflı məlumat verilib, ali təhsil ocağının fəaliyyətinə, tədris imkanlarına dair videoçarx nümayiş olunub.
Sonra şagirdlər və onların valideynləri layihə barədə məlumatlandırılıblar. Şagirdlərin maraq, istək və hədəfləri öyrənilib. Qeyd edilib ki, layihənin əsas məqsədi aztəminatlı ailələrin övladlarının təhsilə cəlb edilməsi, bunun üçün onların universitetə hazırlaşmalarına dəstək olmaqdır. Uğurlu olarsa, layihənin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.
ADA Universiteti Fondunun əməkdaşı Firuzə Əliyeva AZƏRTAC-a bildirib ki, bir neçə ildir fond tərəfindən regional layihələr icra olunur. “PAŞA Bank ilə reallaşdırdığımız bu pilot layihədə ilk seçimimiz Lənkəran oldu. Lənkərandan aztəminatlı ailələrdən ilkin olaraq 5 ailə seçmişik. Həmin ailələrin qız övladlarının təhsilinə dəstək göstərəcəyik. Təhsiləqədər hazırlıqlar, müəllimlər, kurslar və s. Bu gün layihə iştirakçıları ilə görüşdük, gələcəkdə hansı istiqamətlərdə addım atılacaqsa, onları müzakirə etdik”, - deyə o əlavə edib.
10-cu sinif şagirdi Nahidə Babaşova isə deyib: “ADA Universiteti ölkəmizə layiqli vətəndaş kimi yetişməyimizə, hədəflərə çatmağımıza dəstək verir. Buna görə təşəkkür edirik. Çalışacağıq ki, bizim üçün yaradılan bu imkanlardan maksimum istifadə edək”.