SİYASƏT
LƏNKƏRANDAKI HEYDƏR ƏLİYEV İDARƏÇİLİK UNİVERSİTETİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KONSTİTUSİYA GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərində fəaliyyət göstərən Heydər Əliyev İdarəçilik Universitetinin növbəti məşğələsi «Heydər Əliyev Azərbaycan Konstitusiyasının banisidir» mövzusuna həsr olunmuşdur.
Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Məşğələdə Bakı Dövlət Universitetinin baş müəllimi, hüquq elmləri namizədi Elşad Nəsirovun, Lənkəran Şəhər Məhkəməsinin sədri Mübariz Əkbərovun və Ədliyyə Nazirliyi Regional İdarəsinin müdiri Cingiz Cavadovun mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Toplantıda çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyanın ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratdığını, bu prinsiplərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.