SİYASƏT
Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə beş milyon manat vəsait ayrılmışdır
Bakı, 1 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 1-də Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Sərəncam imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Sərəncamda Lənkəranın əsrlər boyu ölkəmizin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynadığı qeyd edilmiş, burada Bəlləbur və Dairəvi qalaların, Şeyx Zahid və Seyid Xəlifə türbələrinin, eləcə də Lənkəran mayakının və digər tarixi memarlıq abidələrinin maddi mədəniyyətimizin qiymətli nümunələri olduğu bildirilmişdir. Qeyd edilmişdir ki, füsunkar təbiəti, məhsuldar torpaqları hazırda da Lənkəranın iqtisadiyyatının əsasını təşkil edən qədim ənənəvi əkinçilik və bağçılıq mədəniyyətinin formalaşmasını şərtləndirmişdir.
Sənəddə, həmçinin respublikamızın mühüm sosial-iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevrilməkdə olan Lənkəranda bir sıra mühüm infrastruktur layihələrinin uğurla həyata keçirildiyi, hava limanının, Olimpiya İdman Kompleksinin, Müalicə-Diaqnostika, Uşaq Sağlamlıq və Əlillərin Reabilitasiya mərkəzlərinin, mehmanxana və istirahət obyektlərinin, sənaye müəssisələrinin istifadəyə verildiyi diqqətə çatdırılır.
Sərəncama əsasən, Lənkəran şəhərinin tarixi-mədəni irsinin mühafizəsi və bərpası, şəhərsalma, istirahət, turizm infrastrukturunun bölgənin təbiətinə, memarlıq ənənələrinə uyğun müasir şəkildə yenidən qurulması işlərinin sürətləndirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran şəhər İcra Hakimiyyətinə beş milyon manat vəsait ayrılmışdır.