REGİONLAR
Lənkəranın Zövlə kəndinə ilk dəfə “mavi yanacaq” verilib
Lənkəran, 28 noyabr, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq noyabrın 27-də Lənkəran rayonunun Zövlə kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 588 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 32 min 131 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğaclar və fərdi tənzimləyicilər quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Zövlə inzibati ərazi dairəsi üzrə nümayəndə Mahmud Sadıqov sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Kənd sakinləri onların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sosial məsələlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.