REGİONLAR
Lənkəranlı şagirdlər fövqəladə hallarla bağlı təlimlərə cəlb olunublar
Lənkəran, 25 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkərandakı “İstək” liseyində Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsinin və FHN-in regionda fəaliyyət göstərən qurumlarının təşkilatçılığı ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda keçirilən maarifləndirici tədbirdə şagirdlər fəal iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, praktiki təlimlərdə FHN-in əməkdaşları liseyin müəllim və şagirdləri qarşısında “Dəm qazı”, “112 qaynar xətti”, “Zəlzələ”, “Sel və daşqın”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və “Odsöndürürcü balondan istifadə qaydaları” mövzularında çıxış ediblər.
Həmçinin fövqəladə hallar zamanı ilkin tibbi yardım qaydaları şagird və müəllimlərin diqqətinə çatdırılıb, videomateriallar nümayiş etdirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra müəllim və şagirdlərə təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanması, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunma qaydaları, xüsusi xilasetmə alət və avadanlıqlar əyani şəkildə nümayiş etdirilib.