REGİONLAR
Lənkəranlı yeniyetmə pəhləvan Gürcüstanda keçirilən dünya çempionatında gümüş medal qazanıb
Lənkəran, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb. Yarışda ölkəmizi təmsil edən idmançılardan biri də lənkəranlı güləşçi Mahir Məmmədzadə olub.
AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının yetirməsi olan Mahir Məmmədzadə Avropa çempionatında olduğu kimi, bu dəfə də Vətənə əliboş qayıtmayıb. O, dünya çempionatında ardıcıl olaraq Qırğızıstan, Hindistan və Gürcüstan təmsilçilərini asanlıqla üstələyərək finala yüksəlib.
Final görüşü gərgin mübarizə şəraitində keçib. Bu mərhələdə ABŞ təmsilçisi ilə qarşılaşan idmançımız 7-5 hesabı ilə məğlub olaraq, yarışın gümüş medalını qazanıb.
Qeyd edək ki, Mahir Məmmədzadə 8 ildir sərbəst güləşin sirlərinə yiyələnir.