REGİONLAR
Lerikdə baytarlıq sahəsində profilaktik tədbirlər gücləndirilib
Lerik, 13 iyun, Bağır Əliyev, AZƏRTAC
İran İslam Respublikasında heyvanlar arasında yayılan dabaq xəstəliyi ilə əlaqədar Lerik Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik tədbirləri gücləndiriblər.
AZƏRTAC xəbər verir ki, qonşu ölkə ilə həmsərhəd ərazidə yerləşən Lerikdə heyvanlar arasında dabaq xəstəliyinin yayılma riski yüksək olduğundan iri və xırdabuynuzlu heyvanların kütləvi vaksinasiyasına başlanılıb.
İlk olaraq rayonun Amburdərə kəndi ərazisində bəslənilən heyvanların vaksinasiyasını yekunlaşdırmaq nəzərdə tutulub. Buna səbəb isə Amburdərə sakinlərinin əsas məşğuliyyətinin maldarlıq olması və kəndin İranla 2 kilometr məsafədə yerləşməsidir.
Rayon Baytarlıq İdarəsinin 4 nəfərlik baytar-həkim briqadası sərhəddə yerləşən 20 kəndi nəzarətə götürüb. Bu günə kimi ərazidə mal-qara arasında heç bir xəstəlik aşkarlanmayıb. Heyvanların vaksinasiyasında, əsasən Türkiyədən gətirilən vaksinlərdən istifadə olunur.
Lerik Rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev bildirib ki, dabaq virus xəstəliyi olduğuna görə geniş yayılır. Xəstəlik əsasən 3 formada - ağız, yel və dırnaqda təzahür edir. Xüsusilə ağız, dil və damaqda erroziyalar, yaralar yaranır, dırnaq düşməsi müşahidə olunur.
Baytarlar sadalanan halların müşahidə olunduğu heyvan sahiblərindən dərhal baytarlıq idarəsinə xəbər vermələrini zəruri sayırlar. Çünki xəstəliyə tutulan heyvanı digər heyvanlarla bir yerdə saxlamaq olmaz, onun ətindən və südündən istifadə etmək isə ağır fəsadlar törədə bilər.
Qeyd edək ki, Lerikdə vaksinasiya işlərinə 39 min 500 iribuynuzlu və 131 min xırdabuynuzlu heyvan cəlb ediləcək.