REGİONLAR
Lerikdə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Lerik, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Heydər Əliyev Mərkəzinin direktoru Husaməddin Abbasov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Hüseynbala Əliyev, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
“Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin azərbaycançılıq, sülh və mərhəmət ruhunda tərbiyə olunmasında əhəmiyyətini yüksək dəyərləndirən natiqlər, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.