ELM VƏ TƏHSİL
Lerikdə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir
Lerik, 7 sentyabr (AZƏRTAC). Lerikdə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə dinlənilmişdir. Bildirilmişdir ki, son illər ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da təhsil sahəsində böyük nailiyyətlər qazanılmışdır. Rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 126 nəfəri ali, 212 nəfəri orta-ixtisas məktəblərinə qəbul olunmuşdur. Onlardan 4 nəfəri 600-dən, 6 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Məlumat verilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə uyğun olaraq rayonda təhsil müəssisələrinin tikintisi və yenidən qurulması sürətlə davam etdirilir. Son beş ildə Lerikdə 18 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, 5 təhsil müəssisəsi isə əsaslı təmir olunmuşdur.
Yeni tədris ilində rayonun Livədirqə və Molalan kəndlərində 180, Nüvədi, Kələxan və Zəriküməco kəndlərində 80 şagird yerlik yeni məktəb binaları, Mastail və Nuravud kəndlərindəki 192 şagird yerlik məktəb isə əsaslı təmirdən sonra şagird və müəllimlərin ixtiyarına veriləcəkdir.
Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov və Milli Məclisin deputatı İqbal Məmmədov yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik etmiş, onlara şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışlar.
Çıxış edənlər son illərdə rayonda təhsil sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışmış, təhsilin inkişafına və maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Ötən tədris ilində nailiyyətlər qazanmış təhsil işçilərinə fəxri fərmanlar, qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərə qiymətli hədiyyələr təqdim edilmişdir.
Azərbaycan müəllimlərinin qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.