REGİONLAR
Lerikin Çayrud kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidənin açılışı olub
Lerik, 30 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lerik rayonunun Çayrud kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş “Şəhidlər” abidə-kompleksinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları abidə-kompleksinin önünə gül dəstələri düzüb, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış lerikli döyüşçülərin xatirəsini ehtiramla anıblar.
Açılış mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov və başqaları 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırıblar.
Qeyd olunub ki, həm Birinci Qarabağ, həm də Vətən müharibələrində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər.
Azərbaycan Respublikası Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında lerikli döyüşçülərin də adları var.
Çıxışlarda Vətən müharibəsində Azərbaycanın mərd oğullarının, o cümlədən lerikli döyüşçülərin qəhrəmanlıqlarından danışılıb, ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub.