LETA AGENTLİYİ 90 İLLİK YUBİLEYİNİ QEYD EDİR
Riqa, 3 mart (AZƏRTAC). LETA informasiya agentliyi martın 4-də 90 illik yubileyini qeyd edəcəkdir.
Agentliyin tarixi 1919-cu il martın 4-dən - Latviya müvəqqəti hökumətinin başçısı Karlis Ulmanis “Latopress” mətbuat bürosunun yaradılması barədə sərəncam imzaladıqdan sonra başlanır. Latviya Teleqraf Agentliyi (LETA) bir il sonra həmin büronun bazasında yaradılmışdır.
LETA agentliyi İdarə heyətinin sədri Martinş Barkans demişdir: “İstəyirik ki, bu gün təkcə bizim üçün deyil, həm də gündəlik informasiyaya vacib və zəruri dəyər kimi baxan bütün insanlar üçün bayrama çevrilsin”.
Yubiley günü agentliyin Riqanın qədim hissəsində - Palast küçəsində yerləşən tarixi binasında agentliyin birinci direktoru və yaradıcısı, ədib və ictimai xadim Rixard Berzinşın şərəfinə xatirə lövhəsi açılacaqdır. Berzinşın fəaliyyəti sayəsində LETA agentliyi təkcə Latviyada deyil, eləcə də bütün Avropada tanınmışdır. 1921-ci ildə LETA “Röyter”, “Havasa” və “Volfa” kimi beynəlxalq agentliklər qrupu ilə müqavilə imzalamışdır ki, bu da Latviya mətbuatının inkişafında yeni mərhələ açmışdır.
Təntənəli tədbirin iştirakçılarına agentliyin indiki direktoru Martinş Barkans və Latviyanın müstəqilliyinin bərpasından sonra ilk direktoru olmuş Ayvar Baumanis müraciət edəcəklər.
Yubileyə hazırlıq çərçivəsində agentliyin saytında “LETA-90” adlı xüsusi bölmə açılmışdır. Həmin bölmə arxiv və dövri materiallar, əməkdaşlardan götürülmüş müsahibələr və onların xatirələri, maraqlı xəbərlər və fotoqalereyalarla daim yenilənir.
Agentliyin 90 illiyi münasibətilə bayram şənlikləri bütün il boyu davam edəcəkdir.
Xatırladaq ki, LETA agentliyi ötən ilin payızında AZƏRTAC-la əməkdaşlıq barədə müqavilə imzalamışdır.