CƏMİYYƏT
“Lider qadınlarla görüş” layihəsi çərçivəsində ilk tədbir 160 nömrəli klassik gimnaziyada keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixləri üçün elan edilmiş Uşaq Hüquqları Aylığında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Lider qadınlarla görüş” layihəsi çərçivəsində ilk görüş insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ilə Bakı şəhəri 160 nömrəli klassik gimnaziyada keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çoxsaylı şagirdlər və müəllimlər iştirak ediblər. Gimnaziyanın direktoru Faina Ələkbərova tədbiri açdıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova layihənin məqsəd və məramını açıqlayıb. O, təmsil etdiyi qurumla Ombudsman Təsisatı arasında uşaq və qadın hüquqları istiqamətində səmərəli əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Ombudsman çıxışında vurğulayıb ki, bu il əlamətdar hadisələrlə zəngindir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə “Xalq Cümhuriyyəti İli”nin elan olunması, bununla əlaqədar paytaxtda və regionlarda silsilə tədbirlərin, hərbi paradların təşkili, bu günlərdə dövlət bayrağının 100 illiyi ilə bağlı tədbirlər hər bir azərbaycanlıda fərəh hissi yaşadır. O, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasının, prezident seçilməsinin bu il 25-ci və anadan olmasının 95-ci ildönümlərini qeyd etdiyimizi, Ümummilli Liderin rəhbərliyi ilə müstəqil respublikamızda hərtərəfli və köklü islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndərin böyük səyləri ilə müstəqil respublikamızın 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş ilk Konstitusiyası sonrakı dövrlərdə referendumlar nəticəsində daha da təkmilləşib, insan hüquqlarının səmərəli təmininə zəmin yaradıb.
Müvəkkil islahatların bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin sürətlə inkişafını, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmini ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, bu istiqamətdə zəruri tədbirlərin görüldüyünü bildirib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə dəyərli işlər gördüyü xüsusi vurğulanıb.
Tədbirdə E.Süleymanova öz həyat yolu, elmi və ictimai fəaliyyəti haqqında da ətraflı məlumat verib, Azərbaycanda Ombudsman Təsisatının yaradılması, mandatı, səlahiyyətləri və insan hüquqları sahəsində gördüyü işləri diqqətə çatdırıb.
Sonra müvəkkil məktəblilərin çoxsaylı suallarını cavablandırıb.