CƏMİYYƏT
Liderlik məktəbində yuvenal ədliyyə ilə bağlı müzakirələr aparılmışdır
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində fəaliyyət göstərən liderlik məktəbində insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə “Yuvenal ədliyyə - yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi” mövzusunda tədbir keçirilmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkilin nümayəndəsi Rəvan Səmədov son illər ölkəmizdə yuvenal ədliyyənin təşəkkülü, inkişaf etdirilməsi istiqamətində görülən işlər, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, aparılan islahatlar barədə məlumat vermiş, əməli təcrübədə, xüsusən cəzaların liberallaşdırılmasında, məhkumların saxlanma şəraitində və onlara qarşı rəftarda irəliləyiş əldə edildiyini bildirmişdir. O, artıq Azərbaycanda beynəlxalq standartlara cavab verən mükəmməl yuvenal ədliyyə sisteminin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd etmişdir.
Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin milli qanunvericilikdə implementasiyası, həmçinin icra mexanizmlərinin dəqiqləşdirilməsi və yetkinlik yaşına çatmayanların işləri ilə əlaqədar fəaliyyət göstərən dövlət qurumlarının işinin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi, eləcə də geniş maarifləndirmə tədbirlərinin görülməsinin zəruriliyi vurğulanmış, belə tədbirlərin Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planına (MFP) uyğun olaraq həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Tədbir canlı diskussiya, interaktiv müzakirələrlə başa çatmışdır.