CƏMİYYƏT
“Lion” əmtəə nişanlı içki satış şəbəkələrindən geri çağırılıb
Bakı, 14 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan enerji içkisi və bir sıra digər içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər aparılıb. Bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra digər içkilərdən nümunələr götürülərək laborator analizlər həyata keçirilib.
Araşdırmaların nəticəsinə uyğun olaraq, “Ayan” MMC tərəfindən istehsal edilən “Lion” əmtəə nişanlı içkinin enerji içkisi olduğu öz təsdiqini tapsa da, etiket məlumatları və markalanmada qanunvericiliyin tələblərinə əməl olunmadığı üçün həmin məhsulun satış şəbəkələrindən geri çağırılması və markalanma tələblərinin icra edilməsi ilə əlaqədar qərar qəbul olunub.
Araşdırmalar davam etdirilir və onun nəticələri ilə əlaqədar ictimaiyyətə geniş məlumat veriləcək.