İDMAN
Lionel Messi Boliviya yığması ilə görüşdə oksigen çatışmazlığından əziyyət çəkmişdir
Bakı, 28 mart (AZƏRTAC). Argentina yığmasının bir çox futbolçuları 2014-cü il dünya çempionatının seçmə turniri çərçivəsində Boliviya yığması ilə matçı zamanı oksigen çatışmazlığından əziyyət çəkmişdir. Görüş La-Pas şəhərində dəniz səviyyəsindən təxminən 4 min metr yüksəklikdə keçirilmişdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, argentinalıların lideri Lionel Messi fasilə zamanı özünü pis hiss etmiş, ürəyi bulanmışdır. Yığmanın digər iki üzvü Anxel di Mariya və Esekyel Lavessi müvəqqəti oksigen maskaları taxmışlar.
Oyunun ikinci hissəsi gec başlamışdır, çünki qonaqların fasilədə tibbi yardıma ehtiyacı olmuşdur.
Oyundan sonra komandanın yarımmüdafiəçisi Xavyer Maskerano özünün Twitterdəki mikrobloqunda oksigen maskası taxmış Lavessinin fotoşəkilini yerləşdirmişdir.
Sözügedən oyunda qələbə qazana bilməyən Argentina yığması heç-heçə oynamışdır (1:1). Buna baxmayaraq, komanda ekvadorluları 4 xal qabaqlayaraq əvvəlki kimi qrupun turnir cədvəlinə başçılıq edir.