REGİONLAR
“Lira” musiqili-intellektual oyununun ilk mərhələsinin qalibləri müəyyənləşib
Naxçıvan, 26 yanvar, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikada fəaliyyət göstərən 28 musiqi məktəbinin şagirdləri arasında “Lira” musiqili-intellektual oyununun birinci mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, musiqili-intellektual oyun 4 mərhələdən ibarətdir. Bu mərhələlərdə qalib gələn komandalar iyunda keçiriləcək finalda iştirak edəcəklər.
Musiqili-intellektual oyunda Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Simayi-Şəms”, 4 nömrəli Uşaq Musiqi Məktəbinin “Humayun”, Babək rayon Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbinin “Ariya”, Şərur Rayon Aralıq Uşaq Musiqi Məktəbinin “Cəngi”, Şahbuz Şəhər Uşaq Musiqi Məktəbinin “Muğam”, Sədərək Rayon Uşaq Musiqi Məktəbinin “Qala”, Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbinin “Aksent” komandaları iştirak edib.
İki seçmə mərhələdə ən çox xal toplayan “Simayi-Şəms”, “Humayun”, “Ariya”, “Aksent” komandaları əsas mərhələdə iştirak ediblər. Oyunda görkəmli bəstəkarların həyat və yaradıcılığına və ümumi musiqi dünya görüşünə aid suallar verilib. Oyunun ən maraqlı mərhələlərindən biri müxtəlif musiqi parçalarını dinləməklə nömrənin adını və bəstəkarını tapmaq olub.
Oyunda “Simayi-Şəms” komandası 1-ci , “Aksent” komandası 2-ci, “Humayun” komandası 3-cü yerə layiq görülüb. Qalib gələn komandalar diplomlarla təltif edilib.