İDMAN
Litvada yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmışdır
Bakı, 9 sentyabr (AZƏRTAC). Litvanın Klaypeda şəhərində 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, birinciliyin son günündə Azərbaycan milli komandasının üzvü Dadaş Dadaşbəyli körpücük üzərinə çıxmışdır. O, yaşı 17-dək olan idmançıların mübarizəsində 94 kiloqram çəki dərəcəsində çıxış edərək gümüş medala sahib olmuşdur.
Qobustanlı atletimiz birdən qaldırmada hər üç yanaşmasını uğurla yerinə yetirmişdir. Əvvəlcə 142, sonra 147, sonda isə 151 kiloqramı ram edən D.Dadaşbəyli bu hərəkətdə ikinci yeri tutmuşdur.
Atletimiz təkanla qaldırma hərəkətinə də yaxşı başlamışdır. O, ilk olaraq 170 kiloqramı rahatlıqla ram etmişdir. Bu yanaşma ilə atletimiz toplamda gümüş medalı özünə təmin etmişdi. Bununla kifayətlənməyən D.Dadaşbəyli riskə gedərək ikinci yanaşmasında 10 kiloqram artıq - 180 kq sifariş vermişdir. Ancaq bu çəkini ram edə bilməmişdir. Ruhdan düşməyən atletimiz daha üç kiloqram əlavə edərək təkanla qaldırma hərəkətində qələbə üçün körpücüyə çıxmışdır. Əsl xarakter nümayiş etdirən D.Dadaşbəyli 183 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olmuşdur.
Toplamda 334 kiloqram (151 kq + 183 kq) nəticə göstərən D.Dadaşbəyli Avropa birinciliyində gümüş medal qazanmışdır.