DÜNYA
Livan humanitar fəlakət həddinə çatıb
![Livan humanitar fəlakət həddinə çatıb](/files/2023/1/1200x630/16777568036185016233_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Ağır maliyyə və iqtisadi böhranla üzləşmiş Livanın marketlərində mal və məhsulların qiymətləri yerli valyuta ilə göstərilmir. Bu, Livan funtunun ABŞ dollarına nisbətdə ifrat həddə ucuzlaşması ilə bağlıdır. Yalnız yerli istehsal olan meyvə və tərəvəzlərin qiymətləri yerli valyuta ilə göstərilir.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Livanın paytaxtı Beyrutda və digər şəhərlərdə market sahibləri ərzaq və gündəlik tələbat mallarının qiymətlərini ABŞ dolları ilə göstərirlər. Bu, maaşlarını yerli valyuta ilə alan vətəndaşların narazılığına səbəb olub. BMT-nin son hesabatında deyilir ki, Livanda 2019-cu ildən bəri dərinləşən iqtisadi böhran əhalinin 80 faizinin yoxsullaşması ilə nəticələnib. Yanvarın əvvəlində ABŞ dollarına nisbətdə 60 min olan Livan funtu fevralın sonunda 90 minə çatıb.
Ötən ayın sonunda Livanın iqtisadiyyat naziri Amin Salam bəyan edib ki, ölkədəki bütün marketlər qiymətləri ABŞ dolları ilə göstərə bilər. Onun bu bəyanatında sonra Livan funtu daha sürətlə ucuzlaşıb. Digər tərəfdən, böyük hissəsi idxal edilən mal və məhsulların ABŞ dolları ilə satılması market sahiblərini iflas olmaqdan xilas edir.
Ekspertlər qeyd edirlər ki, ötən ilin oktyabrından dövlət başçısı olmayan və iqtisadi böhranın daha da dərinləşdiyi Livanda humanitar fəlakət daha da ağırlaşa bilər. Hökumətin gömrük rüsumlarını üç dəfə qaldırması inflyasiyanın səviyyəsini daha da artırıb. Dünya Bankının hesabatında qeyd olunub ki, son bir ildə Livanda ərzaq qiymətləri 322 faiz qalxıb ki, bu, dünyada ən pis göstəricidir.