DÜNYA
Liviyada yenidən silahlı toqquşmalar başlayıb
Qahirə, 23 iyul, AZƏRTAC
Liviyanın paytaxtı Tripolidə silahlı qruplaşmalar arasında gedən döyüşlərdə azı 12 nəfərin öldüyü, çoxlu sayda yaralı olduğu bildirilir. Həlak olanlar arasında mülki şəxslər də var.
AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Tripolidəki Baş nazir Əbdülhəmid Dbeybəhə sadiq olan silahlılar paytaxt küçələrini qorumağa çalışırlar. Liviyanın Prezident Şurası münaqişə tərəflərini atəşi dayandırmağa və danışıqlara başlamağa çağırıb.
Silahlı toqquşmaların başladığı Ayn Zara qəsəbəsində Tripoli İnqilab Briqadası ilə AL Radaa silahlı qruplaşması arasında davam edən döyüşlərdə ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
Liviyada vəziyyət ötən ilin dekabrında keçirilməsi nəzərdə tutulan ümumxalq seçkilərinin baş tutmaması səbəbindən gərginləşib. Bu ilin martında Liviya parlamenti Sirtə şəhərində Fəthi Başağanı yeni hökumət başçısı seçib. Tripolidəki hökumətin rəhbəri Əbdülhəmid Dbeybəh isə Baş nazir postunu təhvil verməkdən imtina edib.
Qahirə