ELM VƏ TƏHSİL
“Logix Academy”də təlim keçən tələbələrə sertifikat verilib
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Destec Group” MMC-nin nəzdindəki “Logix Academy”də təlim keçən iqtisadiyyat və menecment fakültəsinin tələbələri ilə görüş keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Mustafa Babanlı rəhbərlik etdiyi universitetdə son illər həyata keçirilən islahatlar barədə məlumat verib və əsas məqsədin ölkə üçün keyfiyyətli mütəxəssis yetişdirmək olduğunu qeyd edib. Universitetin “Dəvətli professor” layihəsinin əhəmiyyətindən danışan Mustafa Babanlı bildirib ki, istehsalat müəssisələrində çalışan peşəkar mütəxəssisin tələbələrlə ünsiyyətdə olması, öz təcrübələrini bölüşməsi gənclərin praktik biliklərinin artırılması üçün çox vacibdir.
Tədbirdə rektor Mustafa Babanlı “Destec Group” MMC-nin direktoru Mürşüd Həmidova təşəkkür plaketi təqdim edib.
M.Həmidov ADNSU ilə “Destec Group” arasında əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib. Dövlət Neft və Sənaye Universiteti tələbələrinin həmişə yüksək hazırlığı ilə seçildiyini qeyd edən M.Həmidov bu tədris ilində şirkətdə istehsalat təcrübəsinə cəlb olunan 25 tələbədən 12-nin artıq işlə təmin olunduğunu diqqətə çatdırıb.
Sonda “Logix Academy”də təlim keçən tələbələrə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, ADNSU-nun iqtisadiyyat üzrə təhsil alan bir qrup tələbəsi “Destec Group” MMC-nin nəzdində “Logix Academy”də 5 həftəlik praktik dərslərdə iştirak edib. Aprelin 16-da təlimin yekun qiymətləndirilməsi məqsədilə imtahan keçirilib.