İQTİSADİYYAT
“London Business School”da Azərbaycanın neft və qeyri-neft sektoru müsbət qiymətləndirilmişdir
Bakı, 15 may (AZƏRTAC). “London Business School”da “Azərbaycanın dünya iqtisadiyyatının neft və qeyri-neft sektorlarında artan rolu” mövzusunda Azərbaycan Biznes Forumu keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, forum Azərbaycan Respublikasının Böyük Britaniya Krallığındakı səfirliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ), Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS), “London Business School”un Azərbaycan Cəmiyyətinin (LBSAS), eləcə də Enerji və Şərqi Avropa/MDB Klublarının dəstəyi ilə təşkil olunmuşdur.
“London Business School”un ən böyük məruzə zallarından birində keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş forumda təhsil ocağının Azərbaycan Cəmiyyətinin (LBSAS) təsisçisi və sədri Kənan Salayev qonaqları salamlayaraq, belə tədbirlərin dünyanın ən yaxşı biznes məktəbləri və Azərbaycan cəmiyyətləri arasındakı mədəniyyətlərarası münasibətlərin inkişafında, Azərbaycanın mövcud investisiya mühiti ilə tanışlıqda böyük rol oynadığını və bunun ənənəyə çevrilməsinin zəruriliyini bildirmişdir.
ARDNŞ-in Böyük Britaniya Krallığındakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev Azərbaycanın qaz və neft hasilatının perspektivləri haqqında danışmış və Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyində rolunu qeyd etmişdir. O, “Əsrin müqaviləsinin” ölkənin hazırkı iqtisadi inkişafının başlıca amillərindən olduğunu vurğulamışdır.
R.Əfəndiyevin təqdimatı iştirakçıların marağına səbəb olmuş, suallar cavablandırılmışdır.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən 20 il ərzində sürətlə inkişaf etmiş Azərbaycan iqtisadiyyatının hərtərəfli genişlənməsindən, neft və qeyri-neft sektorunun yüksəlişindən danışmışlar. İştirakçılara Azərbaycan neftinin və qazının Avropaya ixracının mövcud imkanları, Aİ ölkələrinin xam neft ehtiyaclarının ödənilməsində Baku-Tbilisi-Ceyhan neft boru kəmərinin əhəmiyyəti və nəhəng “Şahdəniz” yatağının işlənilməsi layihəsinin 2-ci mərhələsinə hazırlıq prosesləri barədə ətraflı məlumat verilmişdir.
Forumun ikinci hissəsi son texnoloji yeniliklər və ölkəyə xarici investisiyaların axını məsələlərini əhatə etmişdir.