SİYASƏT
Londonda Azərbaycanın mətbəxi və mədəniyyəti təbliğ ediləcəkdir
Bakı, 24 may (AZƏRTAC). Azərbaycan-Britaniya Məzunları İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, qurum “Londonun Bukingem sarayının önündə Azərbaycan mətbəxi və mədəniyyətinin nümayişi” adlı layihə həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan layihədən məqsəd London Yay Olimpiya Oyunlarını və Kraliça II Yelizavetanın yubiley mərasimini izləmək üçün Britaniya paytaxtına gələcək xarici turistləri və şəhərin sakinlərini milli mənəvi dəyərlərimiz, mədəniyyətimiz və folklorumuzla yaxından tanış etməkdir.
Layihə çərçivəsində təqdimat mərasiminin keçirilməsi, “Britaniya haqqında mənim təəssüratlarım” adlı filmin və Azərbaycan haqqında qısa klipin nümayişi, “Yallı” rəqsinin və milli musiqi alətlərində xalq mahnılarının ifası, sual-cavab sessiyası, iştirakçıların mükafatlandırılması, arzu edənlərə isə “Yallı”nın öyrədilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə ölkəmizin Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, Londondakı bir sıra universitetlərin tələbələri, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, dövlət və hökumət rəsmiləri iştirak edəcəklər.
Layihə çərçivəsində Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə mayın 28-də saat 18.00-da London Kral Kollecində tədbir keçiriləcəkdir.