DÜNYA
Londonda başlayan qarətlər və yanğınlar Britaniyanın digər şəhərlərinə də yayılmışdır
London, 9 avqust (AZƏRTAC). Londonun ardınca Birmingem, Liverpul, Mançester və Bristolda da qarətlər və yanğınlar törədilmişdir.
Britaniyanın ikinci böyük şəhəri olan Birmingemdə bir qrup gənc mağazaları qarət etmişdir. Londonda da qarətlər davam edir. Gənclərdən ibarət qruplar şəhərin müxtəlif rayonlarında mağazaların vitrinlərini sındıraraq televizorlar, telefonlar, geyim və hətta ərzaq mallarını qarət edirlər.
Şahidlərin sözlərinə görə, qarətçilər mütəşəkkil hərəkət edir, radiorabitə ilə əlaqə saxlayırlar. Onlar polisin Londonun müxtəlif rayonlarında baş verən talanların qarşısını ala bilməməsindən bacarıqla istifadə edirlər.
Avqustun 8-də Britaniyanın daxili işlər naziri Tereza Mey təcili müşavirə keçirmişdir. O, rayon şuralarını və əhalini polislə əməkdaşlıq etməyə çağırmışdır. London merinin müavini Kit Molthauz bildirmişdir ki, 2012-ci ilin Yay Olimpiya Oyunlarının başlanmasına 1 ildən az qalmışdır və bununla əlaqədar Londonda baş verən iğtişaşlar ikiqat yolverilməzdir.
Britaniyanın Baş naziri Devid Kemeron məzuniyyətini yarımçıq kəsərək İtaliyadan Londona qayıtmışdır. Son məlumatlara görə, Londonda 239 nəfər həbs olunmuş, 45 nəfərə qarşı ittiham irəli sürülmüş, 35 polis nəfəri yaralanmışdır.