DÜNYA
Londonda terror aktı dini fanatiklərin qisası olmuşdur
Bakı, 23 may (AZƏRTAC). Londonda əsgəri vəhşicəsinə öldürmüş fanatiklər “Əl-Qaidə”nin ideologiyasına yaxın ideyalar irəli sürmüş və Britaniya paytaxtında dini müharibə alovlandırmaq istəklərini bildirmişlər. Bunu qatil olduqları ehtimal edilən şəxslərin bəyanatlarının videoyazıları təsdiq edir. Video Londonun cənub-şərqindəki Vuliç rayonunda cinayət törədildikdən dərhal sonra çəkilmişdir.
Şahidlərin sözlərinə görə, qətli tapança və bıçaqla silahlanmış iki qaradərili gənc törətmişdir.
Hücumdan 20 dəqiqə sonra hadisə yerinə silahlı polis dəstəsi gəlmişdir. Atışmadan sonra şübhəlilər xəstəxanaya çatdırılmışdır. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə terror aktı sayılmışdır. Araşdırmanı Skotland-Yardın antiterror bölməsi aparır. Britaniya polisi millətlərarası toqquşmaların qarşısını almaq üçün Londonun və başqa şəhərlərin immiqrantlarla məskunlaşmış rayonlarında patrul xidmətini gücləndirmişdir. Ölkənin bəzi rayonlarında ingilis millətçilərin məscidlərə hücumları qeydə alınmışdır.
Törədilmiş qətli şok yaradan hadisə adlandıran Baş nazir Devid Kemeron Londona qayıtmaq üçün xarici səfərini yarımçıq dayandırmışdır.