Los-Ancelesdə terror cəhdi baş tutmayıb
Vaşinqton, 30 aprel, AZƏRTAC
ABŞ Ədliyyə Nazirliyi Amerika ordusunun veteranı, Əfqanıstanda Amerika qoşun kontingenti sıralarında döyüşmüş Mark Stiven Dominqonu Los-Anceles rayonunda terror hücumları hazırlamaqda ittiham edib.
AZƏRTAC Los-Anceles polisinə istinadla xəbər verir ki, Mark Stiven Dominqo cümə günü axşam həbs edilib. Polisin ehtimalına görə, Dominqo içərisinə mıx doldurulmuş əldəqayırma barıtlayıcı qurğunu ötən istirahət günlərində bir qrup ağdərili millətçilər tərəfindən Lonq-Biçdə təşkil edilmiş etiraz aksiyasında partlatmağa hazırlaşırmış.
Federal Təhqiqat Bürosunun (FTB) nümayəndələri bildiriblər ki, Dominqo müsəlmanlara edilən hücumlara görə qisas almaq məqsədilə yəhudilərə, kilsələrə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etməyi planlaşdırıb. O, terror hədəfləri kimi yerli sinaqoqu, bir hərbi obyekti və Los-Ancelesdəki Santa-Monika körpüsündə toplaşan insanları seçmək niyyətində olub.
Prokuror Nik Xannanın sözlərinə görə, bu yaxınlarda İslam dinini qəbul etmiş Dominqo bu barədə martın 2-də internetdə öz videomüraciətində bildirib. O, 2017-ci ilin oktyabr ayında Las-Veqasda insanların kütləvi şəkildə güllələnməsinə, nəticədə 50 nəfərin həlak olmasına istinad edərək deyib ki, “Amerikaya daha bir Las-Veqas hadisəsi lazımdır”. Polis bildirib ki, mart ayında Yeni Zelandiyadakı məsciddə kütləvi gülləbaran nəticəsində onlarca insan həlak olandan sonra Dominqo sosial şəbəkələrdəki postlarından birində bu sözləri yazıb: “Bunun əvəzi çıxılmalıdır”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton