İQTİSADİYYAT
“Lufthansa” aviaşirkətinin biznes sinif salonları tam müasirləşdiriləcəkdir
Bakı, 13 mart (AZƏRTAC). Yaxın zamanlarda “Lufthansa” aviaşirkətinin biznes sinif salonları tam müasirləşdiriləcəkdir.
“Lufthansa” aviaşirkətindən AZƏRTAC-a bildirmişlər ki, alman aviadaşıyıcısı 2015-ci ildə təyyarələrinin müasirləşdirilməsinə əlavə 50 milyon avro məbləğində investisiya qoyacaqdır.
Biznes sinif salonunun yeni konsepsiyası ilk dəfə aviaşirkətin “Boeing 747-8” avialaynerində tətbiq olunmuş və sərnişinlərin razılığına səbəb olmuşdur. Buna görə də aviaşirkət təyyarələrinin yenidən təchiz edilməsini sürətləndirir və bu layihəyə əlavə vəsait ayırır. Yaxın 2 ildə isə uzaq məsafəli donanmanın bütün təyyarələrində yeni oturacaqlar quraşdırılacaqdır.
Yay cədvəlinə uyğun olaraq martın 31-dən etibarən “Lufthansa” Bakı-Frankfurt istiqamətində uçuşların sayını həftədə 4-dən 5-dək artırmışdır. Uçuşlar bazar ertəsi, çərşənbə, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcəkdir. Aviareyslər birinci, biznes və ekonom sinif olmaqla, üç sinifli müasir “Airbus A330” və “Airbus A340” hava gəmilərində həyata keçiriləcəkdir.