LUKAŞENKO BUŞUN VƏ RAYSIN HESABLARINI DONDURACAQ
Belarus Təhlükəsizlik Şurasının katibi Viktor Şeyman milli televiziyaya müsahibəsində demişdir: “Hamıya məlumdur ki, nə Lukaşenkonun, nə də mənim ABŞ-da heç bir bank hesabımız yoxdur və ola da bilməz. On ildir ki, ABŞ hökuməti bu hesabları axtarır və 10 il əvvəl Belarus Prezidenti bəyan etmişdi ki, bu pulları kim tapsa, hamısını ona verməyə hazırdır”.
Belarus Təhlükəsizlik Şurasının katibinin fikrincə, Ağ evin Minsk barəsində belə mövqe tutmasının səbəbi Belarusun Rusiya ilə İttifaq dövləti yaratmaq, Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı çərçivəsində güclü hərbi-siyasi struktur yaratmaq xətti götürməsi, habelə Belarus dövləti başçısının müstəqil siyasət aparması ilə bağlıdır.
Xatırladaq ki, mayın 18-də Avropa İttifaqının üzvü olan 25 ölkənin xarici işlər nazirləri Aİ ölkələrinin ərazilərinə gəlməyə icazə verilməyən şəxslər siyahısından Belarusun 36 yüksək vəzifəli məmurunun bank hesablarına və daşınmaz əmlakına həbs qoyulması barədə qərar qəbul etmişlər. Sonra Aİ-yə daxil olmayan daha on Avropa dövləti, habelə ABŞ da Aİ-nin sanksiyalarına qoşulmuşdur.
Avropa İttifaqı və ABŞ Belarus hökumətini martda keçirilən prezident seçkilərinin nəticələrini saxtalaşdırmaqda, habelə müxalifəti təqib etməkdə təqsirləndirirlər.