DÜNYA
Lukaşenko: Təzyiqlərə baxmayaraq, Belarus və Rusiya birgə hərbi təlim keçirəcək
Kiyev, 13 iyun, AZƏRTAC
Təzyiqlərə baxmayaraq, Belarus və Rusiyanın birgə “Qərb-2017” hərbi təlimi daha böyük miqyasda keçiriləcək. Bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirləri ilə görüşündə deyib.
A.Lukaşenko bildirib ki, Belarus həm MDB, həm də KTMT çərçivəsində qərb istiqamətində təhlükəsizliyə cavabdehdir və birgə təlim payızda Belarusun ərazisində keçiriləcək: “İnanıram ki, Rusiya tərəfində də eyni əhval-ruhiyyədir. Biz kimlərisə qorxutmuruq. Bizə özgələri lazım deyil. Biz ordumuza ərazisini, dövlətini, xalqını necə qorumağı öyrədirik və bundan sonra da öyrədəcəyik”.
Belarus Prezidenti vurğulayıb ki, bu təlim hamı üçün açıqdır. Qoy, bizim gücümüzü görsünlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev