ELM VƏ TƏHSİL
“Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası”nın qalibləri mükafatlandırılıblar
Bakı, 6 dekabr, P.İmanova, AZƏRTAC
Dekabrın 6-da Nizami Kino Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “İstək” liseyi tərəfindən birgə təşkil olunmuş “Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva olimpiada barədə məlumat verib. Bildirilib ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 95 illik yubileyinə həsr olunan məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23.834 nəfər V-VI sinif şagirdi iştirak edib. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagird mükafatçılar sırasına daxil olub. Qeyd edilib ki, məktəblilərin bu olimpiadaya marağı nəzərə alınaraq yarışmanın hər il keçirilməsi nəzərdə tutulur.
Təhsil nazirinin müavini Ceyhun Bayramov şagirdlərin bilik və istedadlarının üzə çıxarılmasında, inkişaf etdirilməsində məntiq olimpiadasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, dünya şöhrətli alim Lütfi Zadənin adını daşıyan məntiq olimpiadasının coğrafiyasının gələcəkdə genişləndirilməsi və bu yarışmaya respublikanın müxtəlif şəhər və rayonlarından məktəblilərin qatılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, olimpiadanın məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu cür tədbirlərdə iştirak təcrübəsini qazandırmaq, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsinə və elmə olan marağının artmasına müsbət təsir göstərməkdir.
C.Bayramov qalibləri təbrik edib, uğurlar arzulayıb.
“İstək” liseyinin direktoru Anar Məmmədov, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin həyatı və elmi fəaliyyəti barədə məlumat verib, istedadlı şagirdlərin seçilməsi, onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etməsi baxımından bu cür yarışmaların əhəmiyyətini vurğulayıblar.
Sonda qaliblərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.