MƏDƏNİYYƏT
Lyublində “Şərq tərəfdaşlığı üçün mədəniyyət” mövzusunda konqres keçiriləcəkdir
Bakı, 26 avqust (AZƏRTAC). Oktyabrın 4-dən 6-dək Polşanın Lyublin şəhərində “Şərq tərəfdaşlığı üçün mədəniyyət” mövzusunda konqres keçiriləcəkdir.
Polşanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, konqres konkret mədəni fəaliyyətlərin məkanı olacaqdır. Tədbirdə Avropa İttifaqı və Şərq tərəfdaşlığına ayırmadan ümumi mədəni məkan obrazının həyata keçirilməsi üsulları işlənib hazırlanacaqdır. Konqresi “Şərq tərəfdaşlığı” proqramının iştirakçıları olan ölkələrin mədəniyyət dünyası nümayəndələri üçün yaradıcılıq və fikir mübadiləsi məkanına çevriləcəkdir.
Konqresdə mədəniyyətdə dəyişikliyə can atan və onların tətbiqi ilə məşğul olmağa hazır, sosial-mədəni animasiya və incəsənət sahəsində fəaliyyət üçün yerlər və yeni formalar axtaran, cəmiyyətdə sistemli işi və bədii ambisiyaları birləşdirən tərəfdaşlığa açıq olan incəsənət nümayəndələri, intellektuallar, mədəniyyət təşkilatçıları və mədəniyyət sahəsində əməli iş təcrübəsi olan şəxslər iştirak edəcəklər. Bundan əlavə, konqresdə iştirakçıların bir-birlərini daha yaxından çox öyrənməsi və müsbət təcrübələrin təqdimatı üçün imkan yaranacaqdır.
Tədbirdə sosial yönümlü mədəniyyət, inkişaf üçün mədəniyyət, yeni təcrübələr mədəniyyəti, yeni texnologiyalar mədəniyyəti, mədəniyyət və eyniyyət mövzuları müzakirə ediləcəkdir.
“Şərq tərəfdaşlığı” mədəni əməkdaşlıq şəbəkəsi Forumunun yaradılması planlaşdırılır. Avropa Birliyi və “Şərq tərəfdaşlığı” proqramı ölkələrindən mədəniyyət sahəsində təcrübəsi olan şəxslər və mədəniyyət təşkilatlarının görüşünə imkan yaradan bu şəbəkə sərhədləri aşan əməkdaşlığın inkişafına xidmət etməlidir. Şəbəkə, bələdiyyə və dövlət müəssisələri istisna edilmədən, əsasən müstəqil mədəniyyət və qeyri-kommersiya təşkilatları nümayəndələrini, qeyri-formal qrupları, ayrı-ayrı fəal və yaradıcı insanları birləşdirəcəkdir. Yaradılan şəbəkə müəssisə yox, “canlı orqanizm”dir. Bu, yuxarıdan verilən qərarlarla əlaqəsi olmayan, mədəni müxtəlifliyə xüsusi ehtiramla yanaşan demokratik struktura malik, aşağıdan irəli sürülmüş təşəbbüsdür. Beynəlxalq arenada şəbəkənin vəzifəsi “Şərq tərəfdaşlığı” mədəniyyətini təmsil etməkdən və inkişaf maraqlarını qorumaqdan ibarət olacaqdır.