MACARISTAN PREZİDENTİ LASLO ŞOYOMUN NİTQİ
-Cənab Prezident!
Hörmətli azərbaycanlı qonaqlar!
Xanımlar və cənablar!
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun nümayəndə heyətinin hörmətli üzvlərini Macarıstanda səmimiyyətlə salamlayım.
Münasibətlərimizin kökləri tarixdən gəlir: ölkələrimizdə türkdilli mədəni və dilçilik əlaqələrini yaxşı xatırlayırlar. Azərbaycan diyarını ziyarət etmiş macar səyahətçiləri və alimləri tərəfindən ümumi irsimizin ən vacib elementlərinin formalaşdırılmasından fərəhlənirik. Onların səyahət hekayətləri və gündəliklərində azərbaycanlı ev sahiblərinin qonaqpərvərliyi, məğrurluğu və cəsarəti hər zaman təsvir olunurdu. Xalqlarımızın arasında mövcud olan qarşılıqlı rəğbət həyatımızın bütün sahələrində əməkdaşlığımızı daha da asanlaşdırır. Biz bir-birimizin adət-ənənələrini anlayırıq və dəyərlərimizi qiymətləndiririk.
Mən həyatlarını müharibə əsirləri kimi itirmiş macarları yad edən, Qırıqlı kəndində qoyulmuş xatirə lövhəsinə görə Azərbaycan hökumətinə öz minnətdarlığımı bildirmək istəyirəm. Taleyin hökmü ilə bir daha öz ailələrinə heç vaxt qayıtmamış vətəndaşlarımızın xatirəsinin Azərbaycan xalqının qəlbində səmimiyyətlə yaşadığını bilmək mənə çox böyük təəssürat bağışladı.
Biz Azərbaycanı Qafqaz regionunun ən sürətlə inkişaf edən ölkəsi kimi görürük. Əhəmiyyəti ildən-ilə artan amil ondan ibarətdir ki, ölkəniz nəinki bizim üçün, həm də bütün Avropa İttifaqı üçün əsas strateji tərəfdaşdır.
Əminəm ki, təhsil və elm əməkdaşlığımızın aparıcı sahələri ola bilər. Universitet tələbələrinin mübadiləsi, birgə tədqiqat proqramları və birgə arxeoloji qazıntıların aparılması yaxşı nümunə ola bilər. Macarıstan tərəfi olaraq biz, təhsil və mədəniyyət sahəsində potensial əlaqələrimizin genişləndirilməsinə və onların qarşılıqlı razılaşmalar səviyyəsinə qaldırılmasına hazır olduğumuzu məmnunluqla bir daha bəyan edirik.
Dövlətlərimiz arasında iqtisadi tərəfdaşlığın çərçivəsini formalaşdıran ən mühüm sazişlər ötən il ərzində işlənilmiş və onların əksər hissəsi bu səfər zamanı imzalanmışdır. Biz ticarət dövriyyəsinin həcmini artırmaq, qarşılıqlı sərmayələri və iqtisadi əməkdaşlığın hazırkı formalarını intensivləşdirmək arzusundayıq. Macarıstan ilə Azərbaycanın işgüzar dairələri arasında sıx və davamlı təmaslar böyük əhəmiyyət kəsb edir. Azərbaycanın sürətlə artan bazarı və ölkənizdə tələbatın dinamik artımı macar şirkətləri üçün əlavə imkanlar açır.
Enerji təhlükəsizliyinin daha da gücləndirilməsinə gəldikdə, Macarıstan Xəzər regionundan nəql edilən yanacaqlara arxalanır. Biz enerji məsələsini tərəfdaşlığımızın prioritet sahəsi kimi dəyərləndiririk. Bu sahə nəinki Macarıstan ilə Azərbaycan, o cümlədən bütövlükdə Avropa İttifaqı üçün mühüm nəticələr verə bilər.
Macarıstan son zamanlar Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin intensivləşməsini alqışlayır. Macarıstan öz təcrübəsi ilə bu prosesə töhfə verməyə hazırdır. Biz həmçinin Avropa İttifaqı ilə Sizin mühüm ölkəniz arasında əməkdaşlıq layihələrində iştirak etməyə hazırıq.
Bu gün cənab Prezident ilə bizim uğurlu danışıqlarımız oldu. Bu səfər zamanı nəinki iqtisadi sazişlər, o cümlədən bir sıra digər razılaşmalar imzalandı. Bu o deməkdir ki, biz bünövrəni uğurla qoya bilərik və hazırda onun üzərində quruculuq işlərini aparmalıyıq. Belə olan halda, azərbaycanlı dostlarımız Macarıstan tərəfinin xoş niyyətlərinə, səmimiyyətinə və dostluqla seçilən sadiqliyinə arxalana bilərlər.
Bu sözlərlə mən badəmi Prezident Əliyevin və qonaqlarımızın sağlığına, Azərbaycanın daim artan uğurlarının, onun xalqının xoşbəxtliyi və Azərbaycan ilə Macarıstan arasında uzunmüddətli tərəfdaşlığın şərəfinə qaldırmaq istəyirəm.
######
