DÜNYA
Macarıstan XİN-in başçısı enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa çağırır
Budapeşt, 15 noyabr, AZƏRTAC
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto Belqradda Enerji Təhlükəsizliyi üzrə Avrasiya Forumunda çıxış edərək, regionun enerji təhlükəsizliyini gücləndirən layihələrin həyata keçirilməsi üçün Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələrini daha sıx əməkdaşlıq etməyə çağırıb.
Siyyarto deyib ki, Mərkəzi və Şərqi Avropa ölkələri enerji təhlükəsizliyi sahəsində öz maraqlarını razılaşdırmalıdırlar. İkili standartlar aradan qaldırılmalı, hər bir ölkə öz enerji balansını müəyyənləşdirməlidir. Onun fikrincə, Asiya ilə əməkdaşlıq zərurətdir.
AZƏRTAC xəbər verir ki, Siyyarto enerji mənbələrini və təchizat yollarını onun növləri nöqteyi-nəzərindən şaxələndirməyə çağırıb. O bildirib ki, Macarıstan özünün enerji balansı barədə qərarı qəbul edəndə, nə Rusiyanın, nə də Birləşmiş Ştatların tərəfini tutmaq niyyətindədir. O, daha çox macarların maraqlarını ölçüb-biçəcək. Məsələ bundadır ki, Şərqlə Qərb arasında balans olmalıdır, bu isə qarşılıqlı hörmət tələb edir.