DÜNYA
Macarıstanda milli bayram günü qeyd edilib
Budapeşt, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Macarıstanda 1956-cı il İnqilabının - Macarıstan Xalq Respublikası hökumətinə və ona Sovet İttifaqı tərəfindən qəbul etdirilmiş siyasətə qarşı ümumxalq üsyanının növbəti ildönümü qeyd edilib. Bu münasibətlə, ölkənin hər yerində təntənəli tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, dünən səhər saat 9-da, Koşut meydanında (Kossuth Lajos tér) ölkə parlamentinin binası qarşısında Macarıstan bayrağı təntənəli şəkildə qaldırılıb və 1956-cı il oktyabrın 23-də baş vermiş tarixi hadisələrə - macar xalqının milli üsyanına və Üçüncü Macarıstan Respublikasının elan edilməsinə həsr olunmuş tədbirlər başlanıb. Keçən il olduğu kimi, bu dəfə də arzu edən hər kəs Parlament binasına pulsuz daxil olmaq, Müqəddəs Kral Taxt-tacını, binanın ön qapısının pilləkənini və Günbəzli zalı yaxından görmək imkanına malik olub.
Saat 15:00-da Macarıstanın Baş naziri Viktor Orban Terror evi (Terror Háza Múzeum) qarşısında təntənəli nitq söyləyib. Muzey hətta bayram dövründə də ziyarətçilər üçün açıq olub.
Axşam saat 20:00-da “Millenium Parkı”nda (Millenáris Park) Macarıstan Simfonik Orkestrinin və populyar “Anna and the Barbies” qrupunun iştirakı ilə bayram konserti başlanıb.
Budapeştdə 4-6 və 47-49 nömrəli tramvay marşrutları üzrə “nostalji tramvayları” hərəkət edirdi. Bəzi dayanacaqlarda sərnişinləri əyinlərində qədim geyim olan “qəzetsatanlar” (macar dilində “rikkancs”) qarşılayırdılar.
Təbii ki, kənd yerlərində də çoxlu tədbirlər təşkil olunub. Arzu edənlər Şiofokda “Payız seyrəngahı” və Seqedada “Fəsəli festivalı” kimi təntənəli tədbirlərdə iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt