Macarıstanda sığorta sektorunda canlanma baş verir
Budapeşt, 13 noyabr, AZƏRTAC
Macarıstan Banklar Assosiasiyasının əhali arasında keçirdiyi sorğunun nəticələrinə görə, gözlənilməz həyat hadisələri ilə bağlı kredit sığortası üçün müraciət edən macarların sayında böyük artım müşahidə olunur. Belə ki, respondentlərin 86 faizi sığorta formalarından birinə malikdir.
AZƏRTAC bu barədə Macarıstanın biznes nəşrlərinin son məlumatlarının tədqiqinə istinadla xəbər verir. Həmin nəşrlərin yazılarında bu ölkənin əhalisinin sığorta fəaliyyəti nəzərdən keçirilib.
Tədqiqatlar göstərir ki, respondentlərin 82 faizi mənzillərini sığortalayıb. Sonra avtomobillərin sığortası üzrə vətəndaş məsuliyyəti (68 faiz), bədbəxt hadisələrdən sığortalanmaq və həyat sığortası (hər biri 48 faiz) gəlir.
Sonuncu kateqoriyalar çərçivəsində pensiya sığortasına xüsusi diqqət yetirilir. Bu fakt onu göstərir ki, təqaüd yaşında öz qayğılarını həll etmək insanlar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Həmin assosiasiyanın məlumatına görə, sığorta ödənişi müştərilərin 71 faizi üçün əsas amildir. Bununla yanaşı, sığorta sənədinə daxil edilən xidmətlər əsasında sığortalanmanı seçənlərin sayında daha çox artım var (36 faiz).
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt