SİYASƏT
Macarıstanın dövlət katibi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 23 iyul (AZƏRTAC). Macarıstanın dövlət katibi, Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Piter Siyarto iyulun 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn macarıstanlı qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.