İQTİSADİYYAT
Macarıstanın MOL şirkəti SEEP layihəsində iştirak etməkdə maraqlıdır
Bakı, 16 may (AZƏRTAC). Macarıstanın MOL neft-qaz şirkəti Cənub-Şərqi Avropa qaz kəmərinin tikintisində (SEEP) maraqlıdır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, “Nabukko” konsorsiumundakı payını satmağa hazır olduğunu bəyan edən Macarıstanın MOL şirkəti SEEP qaz kəmərinin tikintisinə yardım edə bilər.
Qeyd edək ki, bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban “Nabukko” layihəsinin həyata keçirilməsində yaranan çətinlikləri səbəb göstərərək, MOL şirkətinin konsorsiumdan çıxa biləcəyini bildirmişdi.
Azərbaycan qazının Avropaya nəqli ilə bağlı nəzərdən keçirilən 3 marşrut - TAP (Transadriatik boru kəməri) layihəsi qazın İtaliya istiqamətində Cənubi Avropaya, “Nabukko” və bp şirkəti tərəfindən təklif olunan SEEP layihələri isə qazın Mərkəzi Avropaya nəqlini nəzərdə tutur.
“Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri daxildir.