QAN YADDAŞI
Macarıstanın Soyqırımı Mərkəzinin rəhbəri: Regionda dayanıqlı sülh üçün Ermənistan Xocalı soyqırımına görə üzr istəməlidir
Vyana, 23 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, fevralın 23-də Vyanada Hofburq sarayında Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Soyqırımı və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilmiş “Sülh və ədalət: beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının münaqişədən sonrakı barışıq və sülh quruculuğu prosesinin əvəzolunmaz hissəsi” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzinin sədri Georgi Tatar çıxışında Ermənistanın törətdiyi cinayətlərdən bəhs edib. Mərkəz rəhbəri 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı haqqında geniş məlumat verərək bu cinayəti XX əsrin sonlarının ən qanlı faciələrindən biri adlandırıb, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh quruculuğunda əsas maneələrdən biri kimi dəyərləndirib.
O bildirib ki, regionda dayanıqlı sülh üçün Ermənistan Xocalı soyqırımına görə üzr istəməlidir.
Natiq 44 günlük müharibənin Qarabağ münaqişəsinə son qoyaraq, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması, xalqlar arasında nifrət və düşmənçiliyin tədricən aradan qaldırılması üçün şərait yaratdığını qeyd etdi. Eyni zamanda o, “Xocalıya ədalət!” kampaniyası nəticəsində geniş beynəlxalq müstəvidə soyqırımı kimi tanınan Xocalı faciəsinə məhz Ermənistanın adekvat qiymət verməməsinin regionda gedən normallaşma prosesi üçün ciddi maneələr təşkil etdiyini qeyd etmişdir. Bu faciənin törədilməsinə görə Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayan natiq Yerevanın bu cinayətə görə faciə qurbanlarından üzr istəməsinin həm Ermənistanın öz qaranlıq keçmişi ilə hesablaşmasına, həm də regionda dayanıqlı sülhə xidmət edəcəyini bildirmişdir.
Postmünaqişə dövründə sülh quruculuğu üzrə beynəlxalq təcrübəyə istinad edən G.Tatar rəhbərlik etdiyi beynəlxalq mərkəzin, Xocalı qurbanları üçün ədalət və regionda sülh naminə, “Barışıq üçün etiraf et” təşəbbüsünə başladığını elan etdi. Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimaiyyətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunması ilə yanaşı, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dialoqa xidmət etməsi və postmünaqişə dövrü üçün “keçid ədalətinin” təmin edilməsidir.
Xocalı faciəsinin 30 illiyinə həsr edilmiş təşəbbüs ətrafında yaxın vaxtlarda geniş beynəlxalq koalisiyanın qurulmasının nəzərdə tutulduğuu qeyd edən G.Tatar koalisiyanın insan haqları təşkilatları və nüfuzlu ekspertlər üçün açıq olduğunu qeyd etmişdir. Təşəbbüs çərçivəsində tədbirlər bu il ərzində davam etdiriləcəkdir.
Qeyd edək ki, Giorgi Tatar uzun illər Macarıstan Xarici İşlər Nazirliyində, Avropa Şurasının katibliyində müxtəlif postlarda çalışıb, 2010-cu ildən Soyqırımı və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzinin sədridir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana